ENGIN gənc istedadlara dəstək olmaqda davam edir!

23 NOY 2017

Gənclər bu gün gördüyümüz bütün işlərin gələcəyidir və  gənc nəslə dəstək olmaq əhəmiyyətlidir. Biz  Azərbaycan Biznes Keys Müsabiqəsinin bu il də  gümüş sponsoru olmaqda qürur duyuruq! Bu müsabiqədə yuxarı kurs bakalavr və magistr tələbələri biznes müəssisələri üçün həll yolları tapmaqda bir-birilə yarışır.

Azərbaycan Biznes Keys Müsabiqəsi (ABCC) 2002-ci ildən başlayaraq hər il ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyası (AAA) tərəfindən böyük korporasiyaların dəstəyi ilə keçirilir. Rəqabət, mübarizə və öyrənmək təcrübəsi təmin edən bu müsabiqədə indiyədək 700-dən çox tələbə iştirak edib. Komandalar təqdim olunmuş müxtəlif biznes problemlərinə kreativ həll yolları tapmaqla həm yarışır, həm də praktiki biliklərini inkişaf etdirirlər. 

Tələbələr eyni zamanda Biznes Akademiyasına müraciət edərək müsabiqəyə hazırlaşmaq imkanı əldə edirlər. Akademiyada tələbələr biznes, inkişaf, problemin həlli və təqdimat sahələrində şirkət rəhbərləri və bu sahədə təcrübəli menecerlər tərəfindən təlimlərdə iştirak edib onları maraqlandıran suallara cavab tapmaq şansı əldə edirlər. Həm Biznes Akademiyasının, həm də Azərbaycan Biznes Keys müsabiqəsinin iştirakçıları 3 və 4-cü kurs bakalavr tələbələri və magistrlər arasından seçilmişdir. Tələbələr müsabiqə zamanı analitik, təqdimat, komanda işi, qərar vermə və problem həll etmə qabiliyyətlərini təkmilləşdirirlər. Dörd həftə ərzində öz həll yollarını təqdim etmələri üçün tələbələrə dörd fərqli biznes məsələsi verilir.