2018-ci il Capstone layihəsi uğurla tamamlandı!

01 İYN 2018

"Capstone" layihəsi sonuncu kurs tələbələri tərəfindən müəyyən mövzu üzrə illər ərzində aparılan tədqiqat yolu ilə əldə olunan nəzəri əsasların praktiki tətbiqini nəzərdə tutur. Layihənin təqdimatı diplom işinə alternativ hesab olunur. Bir şirkət və ya təşkilat seçməklə ADA-dan məzun olmağa hazırlaşan tələbələr həm özlərinin, həm də şirkətin maraqlandığı mövzuları araşdırır və öz tədqiqat nəticələrinə əsasən xüsusi təkliflər irəli sürürlər. Bu il bir qrup tələbə buraxılış işini HR strategiyalarına həsr edib. İnsan Resursları üzrə menecerimiz Nicat Nağıyev diplom işi müdafiə olunana qədər onlara dəstək oldu və rəhbərlik etdi. Tədqiqatın başlığı “HR strategiyasının inkişaf etdirilməsi: Engin keysi” adlanırdı. Əsas metodologiyaya müsahibələr və sorğu vərəqələri daxil idi. Əsas sorğu üçün sahə çalışması 2018-ci ilin mart-aprel ayları ərzində həyata keçirilmiş və 30-dan çox müsahibə aparılmışdır. Müsahibələr həm də şirkətin ofisində əvvəlcədən təyin edilmiş saatlarda HR Şöbəsində həyata keçirilmişdir.  Tələbələr şirkətin HR siyasəti ilə bağlı tövsiyələrdən ibarət qısa siyahı təqdim ediblər. Şirkətimizin qoşulduğu digər layihələr kimi bu layihə də gəncləri dəstəklədiyimizin və onları motivasiya etdiyimizin sübutudur.

May ayının 2-də şirkət nümayəndələri və ADA-nın müəllim heyətinin iştirakı ilə iş uğurla müdafiə edildi. Qeyd etmək lazımdır ki, ENGIN ADA Universiteti ilə müxtəlif sahələrdə, o cümlədən Capstone və karyera inkişafı layihələri üzrə əməkdaşlıq edir.